27 Ocak 2013 Pazar

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN YARADILMASI VƏ İNKİŞAF TARİXİ

Azərbaycan Tibb Universiteti 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılmışdır. Deməli, ATU tarixi baxımdan 1919-cu il sentyabrın 1-də təsis edilmiş Bakı Universitetinin (BU) tibb fakültəsinin varisidir. BU-nun tibb fakültəsinin təşkilində Tiflisdə (Tbilisidə) yeni yaradılmış Zaqafqaziya Universiteti bağlandıqdan sonra Bakıya gələn V.İ.Razumovski, İ.İ.Şirokoqorov, F.İ.İlyin və b. ilə yanaşı, sonralar məşhur alimlər, akademiklər, professorlar olmuş gənc azərbaycanlı həkimlərdən M.Mirqasımov, M.Topçubaşov, A.Şahtaxtinskaya, Q.Ağabəyov və b. fəal iştirak etmişlər. Bakı Dövlət Universitetinin tibb fakültəsinin sərbəst institut kimi fəaliyyətə başladığı dövrdə institutun ilk rektoru vəzifəsini müvəqqəti olaraq o zaman Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində çalışan professor M.N.Qədirli icra etmişdir. 1931-ci ilin mart ayının 25-də M.N.Qədirli şəxsi ərizəsinə görə ATİ-nin direktoru (rektoru) vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Xalq Səhiyyə Komissarının 1931-ci il 29 mart tarixli 71 №-li əmrinə əsasən ATİ-nin direktoru (rektoru) vəzifəsinə Nadir Сəlil oğlu Məmmədli təyin edilmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunun ilk rektoru professor Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, 1918-ci ildən RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya şöbəsinin müdiri, sonra RK(b)P Həştərxan Quberniya Komitəsinin, Quberniya İcraiyyə Komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayından RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində fəaliyyət göstərmişdir. M.Qədirli 1920-1921-ci illərdə Azərbaycan Xalq Hərbi Dəniz İşləri Komissarlığı siyasi idarəsinin rəisi, 1921-1922-ci illərdə Azərbayjan SSR Xalq İctimai Təminat Komissarı, 1922-1934-cü illərdə Xalq Səhiyyə Komissarı vəzifələrində, 1930-1931-ci illərdə eyni zamanda ATİ-nin rektoru vəzifəsində çalışmışdır. O, 1934-cü ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun səhiyyə təşkili kafedrasının professoru və kafedra müdiri vəzifələrində işləmiş, eyni zamanda Azərbayjan SSR XSK yanında malyariya və b. tropik xəstəliklərə qarşı mübarizə komitəsinə sədrlik etmişdir. Azərbaycanda malyariya traxoma və b. yoluxucu xəstəliklərin ləğv edilməsində M.Qədirlinin böyük rolu olmuşdur. O, 1937-ci ildə əsassız olaraq xüsusi göstərişlə işdən çıxarılmış, həbs edilərək güllələnmə cəzasına məhkum edilmiş, ölümündən sonra bəraət qazanmışdır(Başqa bir məlumata görə, M.Qədirli 1937-ci ildə yox, 1941-ci ildə repressiya qurbanı olmuşdur. Bu versiya düzgün hesab edilmir). M.N.QƏDİRLİ (1893-1937) ATİ-nin ilk rektoru N C.MƏMMƏDLİ ATİ-nin ikinci rektoru Tibb İnstitutunun təşkili ilə əlaqədar olan əsas işlər başa çatdıqdan sonra professor M.Qədirli institutun rəhbərliyini N.C.Məmmədliyə təhvil verərək, 1934-cü ilə qədər öz daimi iş yerində - Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində fəaliyyətini davam etdirmişdir. Bacarıqlı həkim və istedadlı təşkilatçı olan N.Məmmədli 1931-ci ilin mart ayından 1932-ci ilin iyun ayına qədər instituta rəhbərlik etmişdir. N.C.Məmmədli 1897-ci ildə anadan olmuş, BDU-nun tibb fakültəsini bitirmiş, 1930-cu il mart ayının 6-da ADU-nun tibb fakültəsinin dekanı vəzifəsinə təyin edilmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasını təşkil edən komissiyanın üzvü olmuşdur. O, 1930-cu ildə ATİ-nin müalicə - profilaktika fakültəsinin ilk dekanı, sonra isə ATİ-nin direktorunun tədris işləri üzrə müavini (prorektoru) vəzifələrində çalışmışdır. N.Məmmədli direktor vəzifəsində olduğu müddətdə direktorun tədris işləri üzrə müavini vəzifəsini cərrah Hüseyn Kərim oğlu Əliyev yerinə yetirmişdir. 1931-ci ilin aprel ayının 1-də ATİ-nin rektoru N.Məmmədlinin əmri ilə ilk dəfə Azərbaycan Tibb İnstitutunun direktoru yanında daimi orqan olan Şura yaradılmışdır. 27 nəfər üzvü olan şuranın ilk sədri N.Məmmədli olmuşdur. Şuraya bütün əsas məsələləri həll etmək səlahiyyəti verilmişdi. Şura üzvlərindən 2 nəfəri tələbə, 2 nəfəri fəhlə idi, qalan üzvlərdən 11 nəfəri azərbaycanlı alim (Nadir Məmmədli - rektor - şuranın sədri, Tağı Şahbazi - səhiyyə nazirinin müavini, Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, Fətulla Rzabəyli, Əlibəy Əlibəyov, Hüseyn Əliyev, Zülfüqar Məmmədov, S.H.Məmmədzadə - ATİ-nin partiya kollektivinin katibi, Nüsrət Bağırov - ATİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, Əkbər Mahmudov - ATİ-nin fəhlə fakültəsinin müdiri) olmuşdur. Fəaliyyətə başladığı ilk ildə Tibb İnstitutunun 2 fakültəsi var idi: müalicə - profilaktika və sanitariya-profilaktika fakültələri. 1925-ci ildə təşkil edilmiş Azərbaycan Diş Həkimliyi İnstitutu ləğv edilərək, onun bazası əsasında ATİ-nin müalicə-profilaktika fakültəsinin stomatologiya şöbəsi yaradılmışdı. SSRİ-nin başqa şəhərlərində olan tibb institutlarının əksəriyyətində o vaxtlar 3 fakültə fəaliyyət göstərirdi. Həmin institutların 3-cü fakültəsi "Ana və uşaq mühafizəsi" fakültəsi adlanırdı. 1932-ci ilin fevral ayında Azərbaycan Tibb İnstitutunda da "Ana və uşaq mühafizəsi" fakültəsi açıldı. Bundan əlavə, tələbələrini yalnız istehsalatdan ayrılmadan orta tibb işçisi vəzifəsində işləyən gənclər arasından qəbul edən axşam müalicə-profilaktika fakültəsi təşkil edildi. 1932-ci ilin iyun ayında ATİ-nin rektoru vəzifzəsinə görkəmli dövlət və elm xadimi professor Əziz Məmmədkərim oğlu Əliyev təyin edildi. Professor Prof. Ə.M.Əliyev (1897-1962) 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuş, gimnaziyada aldığı orta təhsilini 1917-ci ildə bitirərək, Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibb Akademiyasına daxil olmuşdur. Lakin ailə üzvlərinin 1918-ci ildə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində doğma yurdlarından qaçqın düşməsi Ə.Əliyevi təhsilini yarımçıq qoyub, Vətənə qayıtmağa məcbur etmişdir. Bir neçə il məcburi köçkün həyatı keçirən Ə.Əliyev 1919-1923-cü illərdə əvvəlcə Cənubi Azərbaycan ərazisində yerləşən Ərəblər kəndində, 1921-ci ildən isə Naxçıvanın Şahtaxtı kəndində həkim köməkçisi (orta tibb işçisi) vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru professor Əziz Əliyev 1923-cü ildə Ə.Əliyev Bakıya gələrək Bakı Dövlət Universitetinin tibb fakültəsində təhsilini davam etdirmiş və bu fakültəni bitirdikdən sonra 1927-ci ildən etibarən daxili xəstəliklər kafedrasında işə qəbul edilmişdir. O, həmin kafedrada ordinator, aspirant, assistent, sonra isə dosent vəzifələrində işləmiş, 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun direktoru olmuş, 1932-ci ilin iyun ayında ATİ-nin rektoru vəzifəsinə təyin edilmişdir. Ə.Əliyev 1934-cü ilin mart ayında səhiyyə işlərini canlandırmaq məqsədilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin edilmişdir. Lakin az keçməmiş, 1935-ci il yanvarın 14-də yenidən Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılmışdır. Bu müddətdə (9 ay ərzində) institutun rektoru vəzifəsini professor Müseyib Hüseynov yerinə yetirib. Ə.Əliyev bir müddət (1937-ci ildə) Tibb İnstitutunun rektoru vəzifəsi ilə birlikdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsini də icra etmiş, "Azərbaycan Tibb Jurnalı"nın məsul katibi, 1935-ci ildən isə jurnalın baş redaktoru olmuşdur. 1938-ci ildən etibarən Ə.Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KPMK katibi (1941-1942), Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi (1942-1948), ÜİK(b)P MK-nın inspektoru (1941-1950), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru (1952-1956) kimi məsul vəzifələrdə çalışmış, təəssüf ki, bu illərdə o, əsassız olaraq mənəvi repressiyaya uğramış, Sabunçu xəstəxanasında işə göndərilmiş, xoşbəxtlikdən belə hal uzun sürməmiş, böyük alim və ictimai xadim bəraət qazanmış və 1956-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etmişdir. Əziz Əliyev universiteti bitirdikdən sonra əvvəlcə namizədlik, 1937-ci ildə isə "Eksperimental böyrək çatışmazlığı zamanı qanın biokimyəvi dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına və "Respublikanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. Onun həyatının Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlı səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor - müəllim heyəti və tələbə kollektivi üçün nümunə ola biləcək möhtəşəm bir ömür yoludur. 1932-ci ildə artıq Tibb İnstitutunun 10 ixtisas üzrə həkim hazırlayan 5 fakültəsi var idi: 1) stomatoloji şöbəyə malik olan müalicə-profilaktika fakültəsi - terapevt, cərrah və stomatoloq ixtisasları verirdi; 2) sanitariya-profilaktika fakültəsi 4 ixtisas - qida gigiyenası, mənzil-kommunal gigiyena, istehsalat müəssisələrinin sanitariyası və epidemiologiya üzrə mütəxəssis hazırlayırdı; 3) ana və uşaqların mühafizəsi fakültəsi mama-ginekoloq və pediatr ixtisasları vermək hüququna malik idi; 4) tropik təbabət fakültəsi - tropik xəstəliklər üzrə həkimlər hazırlayırdı; 5) axşam növbəsində işləyən müalicə-profilaktika fakültəsi verdiyi ixtisaslara görə eyniadlı gündüz fakültəsini təkrarlayırdı. 1933-cü ilin mart ayında sanitariya-profilaktika və tropik təbabət fakültələri birləşdirildi və yeni yaradılan fakültə "sanitariya-gigiyena" fakültəsi adlandırıldı. 1936-cı ildə Azərbaycan Xalq Səhiyyə Komissarlığı sanitariya-gigiyena fakültəsinin ləğv edilməsi haqqında qərar verdi. Qərara əsasən həmin il IV kursda oxuyan tələbələrə institutu öz ixtisasları üzrə bitirmək imkanı verilmiş, sanitariya-gigiyena fakültəsinin bazası əsasında yeni pediatriya fakültəsi təşkil edilmiş və aşağı kurs tələbələrinə tədris müddəti yarım il artırılmaqla, pediatr ixtisası almaq imkanı yaradılmışdır. 1937-ci ildə Tibb İnstitutundan ayrılan bir neçə kafedranın bazasında Azərbaycan Əczaçılıq İnstitutu yaradıldı. Lakin maddi-texniki təchizatının zəif olması və Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq kadr çatışmazlığı bu institutun uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. 1942-ci ildə əczaçılıq institutu ləğv edilərək, onun əsasında Tibb İnstitutunun əczaçılıq fakültəsi təşkil edildi. Sanitariya-gigiyena fakültəsi isə zamanın tələbilə əlaqədar olaraq, 1938-ci ildən etibarən yenidən bərpa edildi. Elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutu (rektor Ə.M.Əliyev) keçmiş SSRİ-nin birinci dərəcəli ali təhsil müəssisələri siyahısına daxil edildi. Milli kadrların yetişdirilməsi üçün əməli tədbirlərin həyata keçirilməsi, institutda ilk tibbi kitabxananın yaradılması, Azərbaycan dilində ilk dərslik və dərs vəsaitlərinin, monoqrafiya və elmi məqalələrin çap edilməsi, "Tibb kadrları uğrunda" adlı qəzetin, "Azərbaycan Tibb Jurnalının" nəşri, tələbə və məzunların, elmi iş aparan tədqiqatçıların digər ölkələrin iri tibb ocaqlarında təcrübə toplamalarına diqqət yetirilməsi, ölkə daxilində yayılmaqda olan epidemiyaların qarşısının alınması məqsədilə keçirilən genişmiqyaslı tədbirlər professor Əziz Məmmədkərim oğlu Əliyevin Tibb İnstitutuna rəhbərlik etdiyi dövrü səciyyələndirən xüsusiyyətlərdəndir. 1930-cu ildə institutda ilk dəfə olaraq aspirantura təşkil edilmişdi. İnstitutda tədris işləri Azərbaycan və rus dillərində keçildiyinə görə, aspirant hazırlığı da hər iki dildə aparılırdı. Buna görə aspiranturaya daxil olanların həm rus, həm də Azərbaycan dilini bilməsi tələb edilirdi. Tələbələrin isə 2/3 hissəsinə dərslər Azərbaycan dilində, 1/3 hissəsinə rus dilində keçilirdi. 1930-cu ildə ATİ-nin 17 aspirantı olduğu halda, 1940-cı ildə aspirantların sayı 42 nəfərə çatdırılmış, onlardan 27 nəfəri azərbaycanlı olmuşdur. Bakı Dövlət Universitetinin tibb fakültəsində onun mövcud olduğu 11 il ərzində 27 dissertasiya müdafiə edildiyi halda, Tibb İnstitutunun fəaliyyətinin ilk 10 ili ərzində burada 104 dissertasiya müdafiə edilmişdi (104 dissertasiyadan 51-i doktorluq, 53-ü isə namizədlik elmi dərəcəsi almaq üçün müdafiə edilmişdi). Müdafiə edənlərin 65 nəfəri azərbaycanlı həkimlər idi. 1930-cu ildə Tibb İnstitutunun 24 professoru arasında yalnız 1 nəfər azərbaycanlı olduğu halda, 1940-cı ildə burada çalışan 40 professordan 20 nəfəri azərbaycanlı olmuşdur. Ümumiyyətlə, professor-müəllim heyətinin 1930-cu ildə 37,7 %-i, 1940-cı ildə isə 66,2 %-i azərbaycanlılardan ibarət olmuşdur. Azərbaycanlı mütəxəssislərin artması yerli əhalinin dilini bilən həkim kadrlarının tədris səviyyəsinə müsbət təsir göstərirdi. 1937-ci ildə keçirilən Gənc Tədqiqatçıların Ümumittifaq müsabiqəsində Azərbaycan Dövlət Tibb İnstitutunun gənc alimlərindən 21 nəfər iştirak etmişdir. Onlardan 8 nəfərin (Ə.Əliyev, Ə.Həsənov, S.Məmmədzadə, Novruzlu, Kovşar və b.) elmi işi İttifaq miqyasında mükafata layiq görülmüşdür. XX əsrin 20-30-cu illərində Bakı Dövlət Universitetinin tibb fakültəsində və Azərbaycan Dövlət Tibb İnstitutunda işləyərək, doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş alimlərimizin əksəriyyəti uzun illər ərzində səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif kafedraların, elmi-tədqiqat müəssisələrinin, klinikaların rəhbəri kimi respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Onlardan M.M.Mirqasımov, M.A.Topçubaşov, Ə.M.Əliyev, C.Y.Hüseynov, Ə.S.Həsənov, Ü.S.Musabəyli, K.Ə.Balakişiyev, Ə.Q.Əlibəyov, M.M.Əfəndiyev, H.K.Əliyev, M.M.Əfəndizadə, M.M.Mirsəlimov, İ.M.İsmayılzadə və b. alimlərimiz Azərbaycan dilində ilk dərslik və dərs vəsaitləri yazmış, tibb təhsilinin elmi əsasının möhkəmləndirilməsində böyük xidmətlər göstərmişlər. Azərbaycan Tibb İnstitutu yaradıldığı gündən burada elmi-tədqiqat işləri ilə birlikdə ali tibb ocağının əsas vəzifəsi olan praktik həkimlər hazırlanmasına xüsusi diqqət yetirilmişdir. 1928/29-cu tədris ilində Bakı Dövlət Universitetinin tibb fakültəsinin bütün kurslarında cəmi 535 tələbə təhsil aldığı halda, Tibb İnstitutu artıq 1930/31-ci tədris ilində birinci kursa 320 tələbə qəbul etmişdi.Qəbul edilən tələbələrin ən azı 60 %-nin azərbaycanlı olması, 75%-ə qədərinin isə fəhlə, kəndli və muzdur ailələrinin nümayəndələri arasından seçilməsi tövsiyə edilirdi. Fəhlə və kəndli övladlarını ali təhsilə hazırlamaq məqsədilə Bakı, Gəncə, Lənkəran və Nuxa (indiki Şəki) şəhərlərində təqaüdlə təmin edilən fəhlə fakültələri yaradılmışdı. Bu fakültələri müvəffəqiyyətlə bitirən məzunlar Tibb İnstitutuna imtahansız qəbul edilirdi. Bundan əlavə, instituta qəbul zamanı tələbə yerlərinin bir hissəsi Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan respublikalarından və Dağıstan Muxtar Respublikasından göndərilən şəxslər üçün ayrılırdı. Beləliklə, yeni yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutu digər respublikalar üçün də həkimlər hazırlayırdı. XX əsrin 30-40-cı illərində Azərbaycan Dövlət Tibb İnstitutu ümumilikdə 4733 tələbə qəbul etmişdi. 1937-ci ildə SSRİ Ali Sovetinin Millətlər Şurası müxtəlif respublikalarda milli tibbi kadrlar hazırlanmasının vəziyyətini müzakirə edərkən, bu məsələnin yaxşı həll edildiyi respublikalar sırasında Azərbaycan SSR-in də adı qeyd edilmişdi. İnstitutda fakültələrin sayının artırılması ilə əlaqədar, 1932-ci ildə tədris planlarına yenidən baxılmış, həmin ildə məşğələlərin keçid proqramı ilə, 1933-cü ildən isə yenidən işlənmiş proqramlarla aparılması qərara alınmışdı. İnstituta işə cəlb edilən azərbaycanlı müəllim və həkimlər tələbə adını almış, rus dilini yetərincə bilməyən fəhlə və kəndli balalarına kömək məqsədilə elmi-pedaqoji fəaliyyətlə bərabər, Azərbaycan dilində dərslik və dərs vəsaiti hazırlayırdılar. Məsələn, prof. M.M.Mirqasımovun ilk dəfə rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi "Ümumi cərrahlıq" dərsliyi 20 ildən artıq müddətdə Tibb İnstitutu tələbələrinin istifadəsində olmuşdur; gənc anatom K.Ə.Balakişiyev 1930-1931-ci illərdə "Normal anatomiya üzrə praktik məşğələlərə rəhbərlik" adı altında 3 kitab ("Osteologiya", "Sindesmologiya", "Miologiya") yazıb çap etdirmişdi. 1933-cü ildə bioloji kimya kafedrasının gənc müəllimləri H.Q.Səfərov və Ə.S.Həsənovun Azərbaycan dilində 2 cildlik dərs vəsaiti, M.M.Mirqasımovun "Ümumi cərrahlıq" dərsliyi çap edilmişdi, 1934-cü ildə Əziz Əliyevin "Klinik analizlər" kitabı çapdan çıxmışdı. Ümumiyyətlə, 1933-1935-ci illərdə respublikada müxtəlif tibbi ixtisaslar üzrə 38 adda dərslik və dərs vəsaiti çap edilmiş, 1938-ci ildə belə kitabların sayı 45-ə, 1941-ci ildə isə 77-yə çatdırılmışdı. 1939-cu ildə institutun əsas kitabxanasının fondunda 91452 kitab var idi. Kitablardan 51614-ü rus, qalanları Azərbaycan və xarici dillərdə idi. 1930/31-ci tədris ilindən etibarən institutun bütün fakültələrində Azərbaycan və rus bölmələri fəaliyyət göstərirdi. Lakin Azərbaycan dilində tibb terminologiyasının yaradılmaması, dərsliklərin və milli dili yaxşı bilən pedaqoji kadrların çatışmazlığı Azərbaycan bölmələrində dərslərin keyfiyyətini aşağı sala bilərdi. Buna görə Azərbaycan dilində təhsilə tədricən keçilməsi nəzərdə tutulurdu. İlk dəfə 1930-cu ildə sosial-gigiyena (Ə.Q.Əlibəyov) və patoloji anatomiya (C.Y.Hüseynov) kafedralarında Azərbaycan dilində dərslər keçirildi. 1931-ci ildə bu kafedralara normal anatomiya (K.Ə.Balakişiyev) və sinir xəstəlikləri (M.M.Məlikov), 1932-ci ildə dəri-zöhrəvi xəstəliklər (İ.İ.İsmayılzadə) və oftalmologiya (Ü.S.Musabəyli), 1933-cü ildə daxili xəstəliklər propedevtikası (M.M.Əfəndiyev) və ümumi gigiyena (M.M.Əfəndizadə) kafedraları qoşuldu. 1937-ci ildə institutun 250 tələbə yerinə malik olan ilk yataqxanası istifadəyə verildi. 1938-ci ildə isə 2-ci yataqxana korpusunun tikintisi başa çatdı və yataqxana ilə təmin olunmuş tələbələrin sayı 600-ə çatdırıldı. 30-cu illərdə institutun yeni təşkil edilən kafedralarının baza və avadanlıqla təmin edilməsində də müəyyən problemlər var idi. 1930-cu ildə institutda cəmi 25 kafedra olduğu halda, 1938-ci ildə kafedraların sayı 45-ə çatdırılmışdı. Bəzi kafedraların təşkili yerli şəraitlə əlaqədar idi. Məsələn, yoluxucu xəstəliklərin profilaktikasının aktuallığı ilə əlaqədar, institutda tropik xəstəliklər kafedrası, ölkənin kurort amillərinin müalicəvi təsirinin öyrənilməsinin vacibliyi ilə əlaqədar fizioterapiya kafedrası təşkil edilmişdi. 30-cu illərin ortalarında ölkədə ali təhsilin (o cümlədən ali tibb təhsilinin) keyfiyyətcə yaxşılaşdırılmasına yönəldilən bir sıra tədbirlər həyata keçirilirdi. Bu tədbirlərə SSRİ XSK-nın 1934-cü il 3 mart tarixli "Elmi-işçilərin əməkhaqqı haqqında", 3 sentyabr 1934-cü il tarixli "Həkim hazırlanması haqqında" və 23 iyun 1936-cı il tarixli "Ali təhsil müəssisələrinin işi və ali məktəblərin rəhbərliyi haqqında" qərarları şərait yaratmışdır. Bu qərarların yerinə yetirilməsi ilə əlaqədar olan tədbirlər sayəsində 1937-ci ildə Tibb İnstitutunun 3 fakültəsi ləğv edilmiş, yalnız müalicə və pediatriya fakültələri öz işini davam etdirmişdir. Bu vaxta qədər institutda 5 fakültənin olması onun çoxsaylı kafedralarının tədris binaları, klinik baza və müəllimlərlə təmin edilməsinə mənfi təsir göstərirdi. Tələbələrin tibbi vərdişlərə yiyələnməsini stimullaşdırmaq məqsədilə ilk dəfə olaraq klinik fənlər üzrə imtahanlar xəstənin yatağı yanında keçirilməyə başlamış, hər tədris kursunda ali məktəblərin işi üzrə Ümumittifaq Komitəsinin tövsiyəsinə uyğun olaraq yalnız 7-10 fənn saxlanılmışdır. 1931-ci ildən etibarən Tibb İnstitutunda "Tibb kadrları uğrunda" qəzetinin divar qəzeti olan sayları hazırlanmışdır. İlk vaxtlar kiçik tirajla nəşr edilən "Tibb kadrları uğrunda" qəzeti Əziz Əliyevin təşəbbüsü ilə 1933-cü ildə çoxtirajlı mətbuat orqanına çevrilmişdir. Hazırda bu qəzet "Təbib" adı ilə öz işini davam etdirir. 1938-ci ilin iyul ayında Əziz Əliyevin başqa işə keçməsi ilə əlaqədar Tibb İnstitutunun rektoru vəzifəsinə Mahmud İsmayıl oğlu Əliyev təyin edilmişdir. M.İ.ƏLİYEV (1908-1958) M.İ.Əliyev (1908-1958) - 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1931-1933-cü illərdə Kəlbəcər rayon xəstəxanasının müdiri vəzifəsində işləmiş, 1933-1936-cı illərdə Cəbrayıl rayonu ərazisində sərhəd qoşunlarında xidmət etmiş, 1936-cı ildə sinir xəstəlikləri üzrə aspiranturaya daxil olmuş, institutun pedaqoji fəaliyyətlə məşğul olan kadrlara tələbatı artdığına görə, 1937-ci ildə (aspiranturanı bitirmədən) assistent vəzifəsinə keçirilmiş, 1937-ci ildə Azərbaycan Səhiyyə Komissarlığında elm, tibb təhsili və ali təhsil idarəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1938-ci ildən 1943-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində işləmişdir.O, 1943-cü ildə SSRİ Xarici İşlər Komissarının müavini, 1944-cü ildən Azərbaycan SSR Xarici İşlər Komissarı vəzifəsində çalışmış, 1950-1953-cü illərdə eyni vaxtda Azərbayjan SSR xarici işlər və səhiyyə naziri vəzifələrini yerinə yetirmiş, 1953-1956-cı illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olmuşdur. 1-ci çağırış SSRİ Ali Sovetinə, 2-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. "Qırmızı Əmək Bayrağı" ordeni, 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 1941-ci ildə M.İ.Əliyevin sədrliyi ilə yenidən Azərbaycan Dövlət Tibb İnstitutu Şurası yaradılmışdır. 1931-1940-cı illərdə ATİ-də 2553 həkim hazırlanmışdır. Onlardan 1153-ü azərbaycanlı həkimlər olmuşdur ki, onların da 542 nəfərini azərbaycanlı qadınlar təşkil etmişdir. 1919-1930-cu illərdə isə tibb fakültəsində 1407 həkim hazırlanmışdır. Onlardan 348 nəfəri azərbaycanlı kadr olmuşdur ki, onların da 56 nəfərini qadınlar təşkil etmişdir. Hazırda ATU-nu bitirənlərin 65-70%-ni qadınlar təşkil edir. Azərbaycanda 1922-ci ildən 1940-cı ilə qədər cəmi 3960 nəfər, müharibə dövründə - 1941-1944-cü illərdə isə 2065 nəfər həkim hazırlanmışdır. Onlardan 1156 nəfəri azərbaycanlı həkim (607 kişi, 549 qadın) olmuşdur. Göründüyü kimi, müharibə illərində qadınların sayı xeyli artmışdır. Beləliklə, 1919-1944-cü illərdə Azərbaycanda 6025 həkim hazırlanmışdır. Onlardan 3193 nəfəri azərbaycanlı həkimlərdən (50%-dən çox) ibarət olmuşdur. 1920-ci ildə BU-nun tibb fakültəsində 78 nəfər akadempersonal çalışmışdır. Onlardan 4 nəfəri azərbaycanlı (kişi) olmuşdur. 1928-ci ildə işçilərin sayı 111 nəfərə çatmışdır. Bunlardan 49 nəfəri azərbaycanlı kadrlardan ibarət olmuşdur ki, bunların da 8 nəfərini qadınlar təşkil etmişdir. 1932-ci ildə akademik işçilərin ümumi sayı 222 nəfərə çatmışdır. Onlardan 154 nəfərini azərbaycanlı kişi, 41 nəfərini azərbaycanlı qadın təşkil etmişdir. 1944-cü ildə ATİ-də fəaliyyət göstərən akadempersonalın sayı 266 nəfər olmuşdur. Bunlardan 177 nəfərini azərbaycanlı kadrlar, o cümlədən 59 nəfərini qadınlar təşkil etmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi Azərbaycan Dövlət Tibb İnstitutu qarşısında olduqca mürəkkəb vəzifələr qoydu. O vaxtlar Azərbaycan xalqı SSRİ-ni öz ümumi Vətəni hesab edirdi. Buna görə xalq cəbhəyə kömək məqsədilə bütün qüvvələrini səfərbərliyə almışdı. Bu proseslərdə Azərbaycan Dövlət Tibb İnstitutu xüsusilə fəal iştirak edirdi. Müharibənin ilk günlərindən etibarən tədris proqramlarında dəyişikliklər edildi və həkim hazırlığını sürətləndirmək üçün tədbirlər kompleksi hazırlandı. 1941-ci ildə institutun II-V kurslarında dərslərə, həmişə olduğu kimi, sentyabr ayında deyil, avqust ayının 1-də başlanıldı. Müharibə Tibb İnstitutu üçün əlavə problemlər də törətmişdi: ümumxalq səfərbərliyi ilə əlaqədar olaraq, kafedra əməkdaşlarının (xüsusən cərrahların) bir hissəsi ölkənin müxtəlif şəhərlərində olan hospitallara və ya cəbhə xəttində olan tibbi hissələrə göndərilmişdi. Tələbələrin bir hissəsi (xüsusən I və II kurslardan) səfərbərliyə alınıb orduya cəlb edilmişdi. Nəticədə institutda professor-müəllim heyəti xeyli seyrəkləşmişdi. Buna görə Bakı şəhərinin səhiyyə müəssisələrində işləyən həkimlər tədris hissələrinə cəlb edilmiş və işləyən tələbələr üçün axşam təhsili qrupları yaradılmışdı. Tələbələrin bir hissəsi müxtəlif səbəblərə görə təhsilini dayandırmışdı. Bunun səbəbləri arasında əsas yeri müharibənin doğurduğu maddi çətinliklər, institutun yataqxanalarının səyyar hospitallara və hərbi hissələrə verilməsi və tələbələrin başqa şəhərlərə köçməsi tuturdu. Kafedraların fəaliyyətində də gərginlik yaranmışdı; şəhərin müxtəlif yerlərində 40-a qədər tədris bazası var idi. Məsələn, normal anatomiya kafedrası yerləşdiyi geniş binadan bir-birindən aralı yerləşən 4 kiçik binaya köçürülmüş, müharibə illərində həmin kafedranın tədris bazasının ünvanı 4 dəfə dəyişdirilmişdir. Tələbələr gün ərzində 1 binadan digərinə getmək üçün2 saata qədər vaxt itirirdilər. Hərbi vəziyyətin tələbatı ilə əlaqədar olaraq, 1942-ci ilin sentyabr ayından sanitariya-gigiyena fakültəsi nəzdində əlavə olaraq əmək gigiyenası, qidalanma gigiyenası və kommunal gigiyena kafedraları təşkil edildi; 1937-ci ildən fəaliyyətdə olan Azərbaycan Əczaçılıq İnstitutu tibb institutu ilə birləşdirilərək, fəaliyyətini fakültə şəklində davam etdirməyə başladı. Tədris bazalarının sahəsi məhdud olduğuna görə, əczaçılıq fakültəsində dərslər axşam növbəsində keçilirdi. Fakültənin kafedralarını Azərbaycan dilini bilən mütəxəssisələrlə yetərincə komplektləşdirmək mümkün olmadığına görə, dərslərin keçilməsi, əsasən, elmi dərəcəsi olmayan əczaçılara həvalə edilirdi. Lakin bütün çətinliklərə baxmayaraq, müharibə dövründə instituta qəbul edilən şəxslərin sayı 1940/41-ci tədris ilindəkinə nisbətən 2 dəfədən də çox artırılmışdı. Həkimlərə tələbat artdığına görə, müharibənin birinci ili ərzində institutun 5-ci kurs tələbələrinə vaxtından əvvəl diplom verildi. Beləliklə, 1941/42-ci tədris ilində həkim diplomu alanların sayı əvvəlki ilə nisbətən, təxminən 2 dəfə artırılıb, 680 nəfərə çatdırılmış, 1942-1944-cü illərdə ildə 2 dəfə buraxılış keçirilmiş, 1945-ci ildə isə institutun əczaçılıq fakültəsinin ilk buraxılışı olmuşdur. 1942-ci ildə ATİ-də təhsil alan tələbələrin sayı 2598 nəfər olmuşdur. İl ərzində instituta 750 nəfər qəbul edilmiş, 909 nəfər isə bitirmişdir. 1943-cü ilin əvvəlində institutda 2439 nəfər olmalı ili, lakin 236 nəfər müxtəlif səbəblərdən institutdan çıxdığına görə tələbələrin sayı 2203 nəfər olmuşdur. 1943-cü ildə institutu 379 nəfər həkim bitirmişdir ki, onlardan da 188 nəfəri müalicə - profilaktika fakültəsinin, 100 nəfəri sanitariya-gigiyena fakültəsinin, 91 nəfəri pediatriya fakültəsinin məzunu olmuşdur. 1943/44-cü tədris ilində instituta 800 nəfərin qəbul olunması nəzərdə tutulmuşdu. 1943-cü il iyulun 1-nə olan məlumata görə tələbələrin sayı 1960 nəfərə enmişdir. Onların milli tərkibi aşağıdakı kimi olmuşdur: 838 nəfər azərbaycanlı, 420 nəfər rus, 384 nəfər erməni, 217 nəfər yəhudi, 56 nəfər digər millətlərin nümayəndələri; 1960 nəfərdən 1615 nəfərini qadın, 345 nəfərini kişi təşkil etmişdir. 1942-ci ildə ATİ ali tibb məktəbləri arasında Ümumittifaq sosializm yarısına qoşulmuş, institutun direktorluğu, partiya və həmkarlar təşkilatları, kafedra müdirləri, müəllim və tələbələri üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və nəticədə SSRİ ali tibb məktəbləri arasında birinci yeri tutaraq SSRİ Xalq Səhiyyə Komissarlığının Keçici Qırmızı Bayrağına layiq görülmüşdür. İnstitutun xüsusi fədakarlıq göstərən bir qrup işçisi əməkdar elm xadimi, əməkdar həkim adına layiq görülmüş, "SSRİ Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif edilmişlər. Müharibə dövründə SSRİ Xalq Səhiyyə Komissarlığı III kurs tələbələrinin respublikada yerləşən hospitallarda istehsalat təcrübəsi keçməylərinə icazə vermişdi. Bu, tələbələrdə praktik vərdişlər yaranmasına böyük kömək göstərirdi. 1941-ci ildə institutun elmi-tədqiqat planına yenidən baxıldı, dəyişikliklər və əlavələr edildi. Bu plana Azərbaycanın yerli ehtiyatları arasından dərman mənbələrinin aşkar edilməsinə, hərbi travmatizmə, müharibə şəraitində respublikada malyariya xəstəliyinin müalicə və profilaktikasının xüsusiyyətlərinə, yaraların müalicəsində Naftalan neftinin tətbiqinə, kəskin infeksion xəstəliklərin profilaktikasına və müalicəsinə aid olan 36 elmi-tədqiqat işi daxil edilmişdi. Elmi-tədqiqat işlərinin sayının azaldılması iş prinsipləri bir-birinə yaxın olan kafedraların əlbir fəaliyyət göstərməsinə şərait yaratdığına görə, müsbət nəticə verirdi. 1942-ci ildən etibarən institutun əsas elmi-tədqiqat planına daxil olan hər bir problem üzrə komissiyalar yaradılmışdı. Bu komissiyalar hər ayın 25-də elmi-tədqiqat işlərinin təqvim planına uyğunluğunu yoxlayırdı. Müharibə illərində Azərbaycan cəbhə arxasında yerləşən nəhəng hospital bazasına çevrilmişdi. Tibb İnstitutunun əməkdaşlarından professor M.A.Topçubaşov respublika Xalq Səhiyyə Komissarlığının nəzdində olan səyyar hospitallar idarəsinin baş cərrahı, professor M.M.Mirqasımov isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının nəzdində olan səyyar hospitalların baş cərrahı təyin edilmişdi. Professor V.A.Tarnoqradski Xalq Səhiyyə Nazirliyi səyyar hospitallarının baş terapevti vəzifəsini yerinə yetirirdi. Bu dövrdə institutun ən təcrübəli əməkdaşları (A.Q.Trubin, İ.S.Ginzburq, Z.M.Məmmədov, G.R.Qurbanov, F.Ə.Əfəndiyev, N.P.Afonski, K.A.Yeqorov, P.S.Şteyn, M.M.Ammosov, D.S.Ozeretskovski və b.) hospitallarda işə cəlb edilmişdi. Bakıda yerləşən 1543 №-li səyyar hospitalda prof. M.A.Topçubaşovun təklifi üzrə ixtisaslaşdırma və tibbi yardımın növbələşdirilməsi tətbiq edildi. Bu üsulun tətbiqi 600 xəstə yeri olan səyyar hospitalın eyni vaxtda 1200 xəstəyə yardım göstərməsinə şərait yaratdı. Sonralar SSRİ Xalq Səhiyyə Komissarlığının qərarı ilə prof. M.A.Topçubaşovun bu təcrübəsindən ölkənin başqa bölgələrində yerləşən səyyar hospitallarda da istifadə edilirdi. Səyyar hospitallarda apardığı çoxsaylı cərrahi əməliyyatlar prof. M.A.Topçubaşova bir sıra səmərəli təkliflər irəli sürmək imkanı vermişdi. O, insan bədəninə daxil olmuş yad cismin lokalizasiyasını dəqiq təyin etməyə imkan verən portativ apparat icad etmiş, həmin aparat minlərlə yaralı üzərində müvəffəqiyyətlə tətbiq edilmişdi. Bundan əlavə, M.A.Topçubaşov periferik sinir zədələnmələri zamanı tətbiq edilən mum-parafin tubajı üsulunu təklif etmiş, kəllə-beyin yaralanması zamanı tətbiq edilən orijinal kranioplastika üsulu işləyib hazırlamışdır. Professorlardan M.A.Topçubaşovun və M.M.Ammosovun təklifi nəzərə alınaraq, 1941-ci ildə 1 №-li Bakı şəhər xəstəxanasında yerləşən 3687 №-li səyyar hospitalın 100 yerlik cərrahlıq şöbəsi neyrocərrahlıq şöbəsinə çevrilmişdi. Sonralar bu təcrübədən geniş istifadə edilmiş, ölkədə olan hospitalların əksəriyyətində ixtisaslaşdırılmış şöbələr yaradılmışdır. M.A.Topçubaşovun təklif etdiyi efir-yağ narkozu hospitallarda uzunmüddətli anesteziya məqsədilə geniş istifadə edilirdi. Tibb İnstitutunun professoru F.Ə.Əfəndiyev hemotorakslı xəstələrdə irinləmə prosesinin diaqnostikası üçün orijinal metod təklif etmiş, sonralar həmin metoda müəllifin şərəfinə "Əfəndiyev sınağı" adı verilmişdir. O, plevra empiyeması zamanı istifadə edilən Şede-Estlenderin torakoplastika üsuluna təkmilləşdirici modifikasiya vermişdir. F.Ə.Əfəndiyev müharibə dövründə donor qanının konservləşdirilməsi üçün yeni üsul təklif etmişdir. Bu üsulun tətbiqi konservləşdirilmiş qanın saxlanma müddətinin 35-40 günə qədər artırılmasına şərait yaratmışdır. Kütləvi travmatizmlə nəticələnən müharibə şəraitində bu üsulun nə dərəcədə əhəmiyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. Müharibə dövründə Azərbaycan Dövlət Tibb İnstitutunda çalışan alimlərin elmi-tədqiqatları sayəsində yaraların müalicəsində Naftalan neftinin əhəmiyyətli təsir göstərdiyi aşkar edilmişdir. Bu cəhətdən Naftalanın qətransızlaşdırılmış fraksiyasının daha böyük effektə malik olduğu aşkara çıxmışdır (M.M.Mirsəlimov, Ə.S.Həsənov və b.). Buna əsasən, təzə və infeksiyalaşmış yaraların, travmatik osteomielit və artritlərin, yanıq və donmaların müalicəsində Naftalan neftinin tətbiqi tövsiyə edilmişdir. Əczaçılıq fakültəsinin əməkdaşları R.Q.Əliyev, İ.A.Dəmirov və başqaları respublikanın dərman bitkisi xammalından hemostatik xassəyə malik preparat hazırlamışlar. İnstitutun əməkdaşı prof. İ.İ.Şirokoqorovun hələ I Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində topladığı təcrübədən epidemiya xarakterli xəstəliklərin profilaktikasında geniş istifadə edilmişdir. 1941-1945-ci illərdə institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 52 dissertasiya işi müdafiə edilmişdir. Müdafiə edilmiş dissertasiyaların bir hissəsi hərbi səhra təbabətinə həsr edilmiş və müharibə şəraitində öz tətbiq sahələrini tapmışdır. Müharibə illərində hərbi hospitallarda və respublikanın səhiyyə müəssisələrində səmərəli fəaliyyətlərinə görə, Tibb İnstitutunun əməkdaşlarından 11 nəfərə Azərbaycan SSR əməkdar elm xadimi, 10 nəfərə isə əməkdar həkim adı verilmişdir. Bundan əlavə, 1945-ci ildə təşkil edilən Azərbaycan SSR EA-nın heyətinə seçilmiş ilk 14 akademikdən 3 nəfəri Tibb İnstitutunun işçisi olmuşdur. M.M.Mirqasımov akademiyanın ilk prezidenti olmuş, İ.İ.Şirokoqorov və M.A.Topçubaşov isə SSRİ TEA-ya da həqiqi üzv seçilmişlər. Müharibə dövründə Tibb İnstitutunun rəhbərliyi də dəyişdirilmişdir. 1943-cü ildə M.İ.Əliyev mühüm hökumət vəzifəsinə irəli çəkilmiş, institutun rektoru vəzifəsinə professor Z.M.Məmmədov təyin edilmişdir. O, institutun fəaliyyətinin müharibə dövrünün